"Avigilon" videomüşahidə barədə təsəvvürü kökündən dəyişir
Noyabrın sonlarında "iTech Group", "Avigilon" və "Motorola Solutions" şirkətləri Bakıda videomüşahidə və girişə nəzarət sistemlərinin qurulmasına müasir yanaşmaların müzakirə edildiyi birgə tədbir keçirib. Konfederasiyada Azərbaycanın İT şirkətlərinin nümayəndələri, "iTech Group" şirkətinin tərəfdaşları və müştəriləri iştirak ediblər. Kanadanın "Avigilon" şirkəti təhlükəsizlik sistemləri bazarının nisbətən gənc iştirakçısıdır. Bu illər ərzində şirkət nəinki videomüşahidə bazarının əsas iştirakçılarından birinə çevrilməyə, həm də girişə nəzarət, videoanalitika və süni intellekti (Sİ) əhatə edən inteqrə olunmuş həllər işləyib hazırlamağa nail olmuşdur. 2018-ci ilin yazında "Avigilon" şirkəti "Motorola Solutions" tərəfindən satın alındı, bu isə təhlükəsizlik anlayışını tamamilə yeni səviyyəyə qaldıraraq iki təchizatçının məhsul və həllərinin sıx inteqrasiyasına imkan verdi. "Avigilon" şirkətinin Baltikyanı ölkələr, Belarus, Azərbaycan və Gürcüstanda Videotəhlükəsizlik və girişə nəzarət sistemləri üzrə satış meneceri Konstantin Qriqorenko və "iTech Group" şirkətinin Marketinq və Satış şöbəsinin direktoru Cabar Məmmədzadə "Avigilon" videoanalitika sistemlərinin necə işlədiyi barədə Infocity-yə müsahibədə danışıblar.
- Hazırda "Avigilon" şirkətinin əsas fəaliyyət istiqamətləri hansılardır?

Konstantin Qriqorenko - Bugün şirkətimiz kompleks təhlükəsizlik sistemləri sahəsində lider mövqe tutur. Biz təkcə geniş çeşiddə videomüşahidə kameraları (CCTV), termal kameralar, infraqırmızı kameralar və video qeyd cihazlarını deyil, həm də proqram təminatı, öz serverlərimizin bazasında analitik sistemlər, üst səviyyə sistemlər və girişə nəzarət sistemləri təklif edirik. "Motorola Solutions" şirkətinin bir bölməsi olduğumuzu nəzərə alsaq, məhsullarımız bir-biri ilə sıx inteqrə olunmuşdur ki, bu da radiostansiyaların da daxil olduğu kompleks həllər yaratmağa imkan verir. Digər istehsalçılarla tərəfdaşlıq çərçivəsində həmçinin dronlar vasitəsilə obyektlərin videomüşahidəsi imkanlarını əhatə edən həllər də təklif edirik. "Avigilon" hər bir sektor üçün ixtisaslaşmış həllər təqdim etməyə hazırdır. Bu həllərin hamısı FIPS 140-2 standartına uyğunluq vasitəsilə təmin edilən zəmanətli yüksək səviyyəli nasazlıqlara dözümlülük və təhlükəsizliyə malikdir. Müştərinin ehtiyaclarından və infrastrukturun kritiklik səviyyəsindən asılı olaraq, xüsusi SD-kart əsasında kripto açarların olduğu kameralardan istifadə edərək mühafizəni FIPS 140-3 səviyyəsinə qədər yüksəldə bilərik.

- Proqram təminatınız təkcə ciddi analitik imkanlara malik deyil, həm də bir sıra parametrlər üzrə videolar bazasında intuitiv axtarışın aparılmasını nəzərdə tutur. Bu barədə daha ətraflı danışa bilərsinizmi?

Konstantin Qriqorenko
- "Avigilon Access Control Manager" proqram təminatımıza quraşdırılmış sürətli axtarış sistemi əslində geniş imkanlara malikdir. Birincisi, o, müşahidə sahəsinə aid olmayan hərəkətləri "gözardı edərək" insanların və nəqliyyat vasitələrinin hərəkətini yüksək dəqiqliklə tanımağa imkan verən şablon əsaslı tanıma qabiliyyətinə malikdir. Kameralarımıza quraşdırılmış davamlı öyrənmə vasitələri sayəsində yanlış həyəcan siqnallarının sayı azalır və yalnız doğru həyəcan siqnalları yaradılır ki, bu da əsassız yerə vaxt itkisinin qarşısını alır və ümumi iş səmərəliliyini artırır.
Bu axtarış imkanı mağazalarda, anbarlarda və dayanacaqlarda fəal şəkildə istifadə olunur. İkinci istiqamət piksel hərəkət hadisələrini müəyyən etmək üçün piksel hərəkət axtarışıdır. Bu, obyektin əvvəlcədən aktivləşdirilmiş bir xətti, məsələn, ofisin ön qapısını keçdiyini başa düşmək lazım olduqda istifadə olunur. Siz həmçinin obyektin istənilən nöqtəsində sizi maraqlandıran şəxsi onun fərdi identifikasiya kartı əsasında qısa müddətdə tapmağa, habelə nəzarət-buraxılış məntəqələrində aktivliyi göstərən video fraqmentlərinə dərhal baxmağa imkan verən oxşarlığa görə axtarış apara bilərsiniz.

- Avigilon kameralarına quraşdırılmış davamlı öyrənmə vasitələrindən bəhs etdiniz. Onlar nədən ibarətdir?

Konstantin Qriqorenko - Artıq qeyd etdiyim kimi, Avigilon videoanalitika vasitələrində şablon əsaslı mütərəqqi analitika sistemi və nümunələr əsasında öyrənmə texnologiyası tətbiq olunur. Bu imkanlar təhlükəsizlik xidmətlərinin effektivliyini artırmaq və müşahidəni daha əlçatan və səmərəli etmək üçün nəzərdə tutulub. Yanlış həyəcan siqnallarının sayını azaltmaq üçün analitikanın həssaslığını azaltmağa ehtiyac yoxdur. Sistem tədricən müşahidə sahəsini öyrənir və istifadəçilərin qiymətləndirməsi əsasında mühüm hadisələri fərqləndirmək qabiliyyəti əldə edir. Bunun sayəsində də maraq doğuran vəziyyətlərə həssaslıq artır, yanlış həyəcan siqnallarının sayı isə azalır. Beləliklə, sistem həqiqətən mühüm əhəmiyyət kəsb edən vəziyyətlərə diqqət yetirməyə imkan verir. Biz həmçinin müştərilərə süni intellektə malik şəbəkə videoregistratorları təklif edirik. Bunlar analitik qabiliyyətləri olmayan üçüncü şəxs kameraları üçün süni intellekt imkanlarını açan daxili server analitikası ilə xüsusi olaraq hazırlanmış NVR-lərdir. AI NVR məhsullarımız sayəsində siz ONVIF standartını dəstəkləyən demək olar ki, bütün kameralarda neyron şəbəkə sistemi vasitəsilə videoanalitikadan istifadə edə biləcəksiniz.

- Həllərinizdə kibertəhlükəsizlik və məxfiliyin qorunması hansı səviyyədədir?

Konstantin Qriqorenko - Əvvəlcə onu deyim ki, "Avigilon Control Center"in təhlükəsizlik tədbirlərinə mütləq şəkildə güclü şifrənin təyin edilməsi, bağlantının autentifikasiyası və məlumatların şifrələnməsi, habelə şəxsiyyətin identifikasiyasını təmin edən məlumatlardan istifadə edən axtarış funksiyasına çıxış imkanı üçün mümkün olan ən ciddi icazələrin müəyyən edilməsi daxildir. Bundan əlavə, Avigilon kameralarında cinayətkarın kameraya qoşulmasına imkan verə biləcək hər hansı üçüncü tərəf proqram təminatını quraşdırmaq imkanı ümumiyyətlə yoxdur. Biz təhlükəsizliyin təkcə məlumatların kameradan analitik proqram təminatına ötürülməsi prosesində deyil, həm də kamera ilə server arasında təmin edilməsinə doğru irəliləyirik. Yuxarıda qeyd etdiyim üçüncü səviyyə isə kameraların əlavə kripto açarları ilə təchiz edilməsidir. Məxfiliyə gəlincə, "Avigilon Control Center" videonuzda ancaq sizi maraqlandıran şəxsi göstərməyə imkan verməklə, məlumatların mühafizəsi və məxfiliklə bağlı yeni GDPR tələblərinə cavab vermək üçün bulanıq video fraqmentlərinin eksportunu dəstəkləyir.
- Videoanalitika alətləri olmayan ucuz həllər almağa üstünlük verən, hətta öz obyektlərində mulyaj istifadə edən müştərilərə hansı arqumentlər gətirirsiniz?

Cabar Məmmədzadə - "Xəsis iki dəfə xərcə düşər" ifadəsi hamımıza çox yaxşı tanışdır. Gizlətməyəcəyəm ki, təcrübəmdə müştərinin geniş ərazilərdə adi kameralarla yanaşı, mulyajdan istifadə etməyi xahiş etdiyi hallar olub. Məsələn, anbarlarda və ya açıq obyektlərdə. Ancaq bu cür görüntü yalnız müəyyən bir müddət işə yarayır. Bunun mulyaj olduğu məlum olan kimi pozuntular yenidən başlayır. Ucuz həllərə gəlincə, bu halda, sadəcə müştərinin mənfi təcrübə əldə edəcəyi məqamı gözləmək olar. "Avigilon" ilə tərəfdaşlıq münasibətlərimiz çərçivəsində müştərilərin videomüşahidənin necə ola biləcəyi barədə təsəvvürünü dəyişməyə çalışırıq. Bu cür tədbirlərin siyahısına nümayiş avadanlığının təqdim edilməsi imkanı da daxildir. Bu, Avigilon həlləri ilə vaxta əhəmiyyətli dərəcədə qənaət edə biləcəyinizi və gələcəkdə ilkin sərmayənin qaytarılmasını təmin edə biləcəyinizi anlamağa imkan verir. Bundan əlavə, rahat videomüşahidə sisteminin köməyi ilə müəssisənizdəki proseslər daha məhsuldar olacaqdır. Buna görə də, bizim əsas məqsədimiz "iTech Group" mühəndislərinin malik olduqları ixtisaslaşma səviyyəsi və videomüşahidə sistemlərinin tətbiqi üzrə zəngin təcrübəsi olmadan qeyri-mümkün olan bütün imkanları potensial müştərinin diqqətinə çatdırmaqdır.
- Azərbaycanda Avigilon istifadəçiləri başqa hansı üstünlüklər əldə edirlər?

Konstantik Qriqorenko - Həllərimizin kompleksliyini də ayrıca qeyd etmək istərdim. "Avigilon" Kanada şirkətidir və onun bütün istehsal müəssisələri də bu ölkədə cəmləşmişdir. Biz videomüşahidə bazarında bir çox digər şirkətlərin bacarmadığını – istehsala tam nəzarət etməyi bacarırıq. Müvafiq olaraq, həcmindən asılı olmayaraq məhsullarımızın tədarükü dəqiq müəyyən edilmiş müddətdə həyata keçirilir. "HPE" və "Dell Technologies" kimi OEM tərəfdaşları tərəfindən hazırlanmış, miqyaslana bilən NVR-lərimiz birgə işlənib hazırlanmış və hərtərəfli sınaqdan keçirilmiş cihazlardır. Onları müəyyən müddətdən sonra və artan yük altında eyni məhsuldarlıqla işləməyə davam edəcəklərinə zəmanət verməyən ənənəvi serverlərlə əvəz etmək çətindir. Buna görə də, "Avigilon"un əsas üstünlüyü formalaşmış video verilənlər bazasında analitikaya tez, demək olar ki, dərhal daxil olmaq imkanıdır. Artıq "Avigilon" portfelində ayrıca serverə ehtiyac olmadan giriş səviyyəsində paylanmış girişə nəzarət sistemləri də var. Avtomatik konfiqurasiya, rahat naviqasiya vasitələri, sadə interfeys, giriş/çıxış bağlantısı və kritik hadisə barədə bildirişlərin e-poçtla göndərilməsi bütün ölkədəki filiallarda girişə nəzarət sistemini daha səmərəli edir və istifadəsini asanlaşdırır.

Cabar Məmmədzadə - "Avigilon" portfelindən qeyd etmək istədiyim daha bir məhsul bədən kameralarıdır (body-worn cameras). Bu, Azərbaycan üçün olduqca perspektivli istiqamətdir, çünki belə qurğular bir çox üstünlüklər təmin edir. Onların çıxarılmayan çox tutumlu batareyası, kifayət qədər daxili yaddaşı var və həyəcan siqnalı barədə sürətli bildirişlər göndərmək üçün "Motorola Solutions" radiostansiyaları ilə işləmək imkanını dəstəkləyir. Onların istifadəsi üçün ssenarilər çoxdur. Məsələn, videomüşahidə sistemləri ilə təchiz olunmayan, işin həyat üçün yüksək risklə əlaqəli ola biləcəyi obyektlərə təmir briqadalarının göndərilməsi üçün ssenari. Bu halda, kamera həm işçi heyətini texniki təhlükəsizlik qaydalarını pozmamağa sövq edə, həm də iş prosesinə nəzarət vasitəsi kimi çıxış edə bilər. Bu cür kameralar işçilərin bahalı avadanlıqlarla işləməli olduğu qaz və neft sənayesində, neft və qaz emalı zamanı istifadə edilə bilər. Sözsüz ki, onların hüquq mühafizə orqanlarında, təhlükəsizlik xidmətlərində, eləcə də "Təhlükəsiz Şəhər" konsepsiyası kontekstində istifadəsi arzuolunandır.

Konstantik Qriqorenko - Biz "ITech Group" şirkəti ilə uzunmüddətli əlaqələr qururuq və "Avigilon" məhsullarının tanıtımı ilə bağlı xidmətlərin vaxtında göstərilməsi üçün şirkətin öz mühəndislərinin peşəkar inkişafına və texniki dəstəyinə nə qədər həvəslə sərmayə qoyduğunu görürük. Onu da demək olar ki, yükün 90%-i hazırda videomüşahidə sahəsində konsaltinq və layihələrin həyata keçirilməsində artıq əhəmiyyətli təcrübəyə malik olan yerli nümayəndəmizin üzərinə düşür.


Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2023